"Uşaqlar bizim gələcəyimizdir".

Bir də görürsən, başqa ölkədə yaşayan biri yazır ki, bəs burada təhsil yüksək səviyyədədir, bağ belə, bostan elə. Mat qalmalı durumlar da var, adam bir az qipdədir, nədir ondan edir. Niyə biz digər ölkələr edən o cür yenilikləri və ya güzəştləri öz ölkəmizdə tədbir edə bilmirik? Nəyimiz əksikdir, axı bizdə nə çatmır? On bir iqlimdən doqquzu bizdə ola-ola necə olur ki, gavur avropalılar daha yaxşı sistem qura biliblər? Deməli, iqlim rol oynamır. Qaz bizdə, neft bizdə, pul bizdə, necə olur ki, ən yüksək ixtiralar, nə bilim icadlar, nə bilim nə zadlar hamısı qərb ölkələrində meydana çıxır? Söhbət pulda da deyilmiş, Azərbaycanın insan problemi var, bu ölkədə on milyon adam var, amma insan çox azdı. Yeyir, içir və yatır. Beləcə ömrü başa vururuq.

Bizim məktəb şagirdlərindən ictimai nəqliyyatda gediş haqqı alan bir sistemimiz var. Çox acı mənzərədir. Bu qədər var-dövlətə sahib olan bir ölkə məktəb şagirdlərindən gediş haqqı almasa nə olacaq ki? İqtisadi böhrana girə bilərik? Onu bilirəm bu gedişlə mütləq bir çıxılmaz dalana girə bilərik.

 


Bəlkə bu da əsas deyil, amma bir addım ola bilər, digər atılacaq addımlara bir yol aça bilər. Bizim inkişaf etmyimiz üçün kimsə əngəl ola bilməz, nə xarici qüvvələr, nə daxili qüvvələr. Biz özümüz inkişaf etmək istəmirik. Bu qədər bəsit. Hələ də rayonlarda kəndlərdən 4-5 kilometr məsafəni piyada qəsəbələrə məktəbə gələn uşaqlarımız var. Bu acı statistikadır. Kimisə sonradan o acı günlərə qayıdıb xatirə danışdırmağa məcbur etməsək olmazmı? Mütləqdir ki, hər işıqlı gəncin uşaqlığı ağrılı-acılı keçsin? Mütləq belə olmalıdır?

 

image


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/usaqlar-bizim-g%c9%99l%c9%99c%c9%99yimizdir