Sürət qatarında.

Hər səhər işə qatarla getməyi tərcih edirəm. Bilməyənlərə deyim ki, bizim Bakının dəhşətli tıxacları olur. "Tıxaclarda keçən ömür" adlı yazı yazmışdım, özüm yazıb, özüm oxumuşdum. Heç bir reaksiya olmamışdı, ona görə giley-güzar edirəm.

 


Birini qoyub birinə keçirəm, bütün Azerbaycan bir Bakıdan ibarətdir desəm yalançı olmaram. Rayon, kənd bilməmişik, qaçıb doluşmuşuk paytaxta. Biz beləyik, harda "əppəy" var, biz ordayıq. İş yerləri anlaşılandı, pisi odur ki, bizim Kənd təsərrüfatı naziri də Bakıda oturur. İmkanı olsa binaların üstünə xiyar əkər. Çox "xiyar" iş prinsiplərimiz var. Uzun müddətdir ki, hökumət plan qurur ki, bu tıxac problemini necə aradan qaldırsın, alınmır. Daha vecimə də deyil, mənim "sürət qatarım" var. Adı sürətdi ha, saatda 76-dan o tərəfə keçə bilmir. Hamıda var, bizdə də olsun deyə almışıq. Qonşuya baxıb, özünü yaxan insanlarıq, bu hökumət də bizimdir axı. Şəhərin tıxacından canım qurtarsın deyə özümü vermişəm qatara, yazının adını "Qatar düşüncələri" qoyacaqdım, abır elədim.

Qəribə xasiyyətim var, bir musiqi, şeirin və ya yazının təsirinə düşürəm. Çoxdandı bir köşə yazısı oxumuşdum, dünən tapıb yenidən oxudum, bəzi detallarını unutmuşdum. Deyir, sevgi böyük fədakarlıqlarda deyil, xırda nəsnələrdədir. Sənin siqaret alışqanlığın var, biri sənin külqabını tez-tez dəyişirsə heç nə, onu hər dəfə yuyub, içərisini qurublayıb gətirirsə sevgidir.

Bir şeir vardı, "Biz buralı deyilik". Düz həftə dinlədim. Kiməsə görə bəlkə də zəif şeir idi, mən o şeirin içərisində bir həftə yaşadım. Fikirləşirdim ki, biz buralı deyilik. Bu planet bizə çox yaddır. Şeiri atım siz də dinləyin. Biz buralı deyilik

 

"Hay"dan gəlib "hu"ya gedirdim

Yolda bir dostumu görüb dedim ki, darıxıram,

dedi biz buralı deyilik!

Sonra bir daş parçası gördüm,

məzarlıqdan binaya baxıb kaş deyirdi,

Sonra havanın tutulduğunu,

göylərin buludların üstünə çəmkirdiyini,

yağışın başladığını gördüm.

Sonra bir sərçənin, ümidlə qaranquşa yuva tikdiyini,

qovulmuş işçi arının

çiçəkdən üzr istədiyini gördüm son nəfəsdə

mənim də bir tutuquşum var

azadlıqdan başqa bütün sözləri deyə bilir qəfəsdə.

Sonra bir göyərçinin səmada uçduğunu gördüm,

sahibinə gedib qayıtmağı öyrətmək üçün

Sonra bir itin islana-islana dişiynən məscidin darvazasını örtüb,

hürdüyünü gördüm "Ey insan, ey insan"

Sonra yuvası tapdalanmış qarışqanın asta səslə qışqırdığını gördüm:

"Süleyman" "Süleyman"

Sonra evə girdim asta-asta, addım-addım

Qəfəsdən tutuquşunun səsi gəldi

Səhər oğluma öyrətdiklərimi təkrarlayırdı:

"Buna da şükür- buna da şükür"

 

 

Qatarın sürətini deyirdim axı, buna da şükür.

 

image

 


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/sur%c9%99t-qatarinda