Payızın düşüncələri.
Bu gün axşam saatlarında yol aldım məmləkətə sarı. Çox uzaq deyil bizim rayon, Bakıdan 240 kilometr məsafədə, Qəbələ rayonu. Nə bilim, son illərdə hökumət nümayəndələri babat restoran, otel və istirahət mərkəzləri tikiblər. Bizim rayon çox bahalı olub, bir az da ərəb ölkələrindən gələn ərəblər burada pul xərclədikcə dəyərimizi itirib, qiymətimizi yüksəltdik.
Uzun yol getməkdən zəhləm gedir, əvvəllər sevirdim. Yaş üstünə yaş gəldikcə insan sıxılır uzun olan, zəhlə tökən şeylərdən.
İstəyirəm rayonumuzu tərifləyim, deyim cənnət məkandı, gül bülbülü çağırır, bülbül gülü. Nəsə alınmır, tərif edəndə ətim ürpənir.
Bizim rayon keçmişdə paytaxt olan rayon olub, eramızdan əvvəl Albaniyanın paytaxtı olub. Nənəm deyirdi ki, kişilər Naxçıvana duza gedirmiş, Qəbələyə qoza.
Bilmirəm nədəndi mən həmişə Qəbələyə gələndə bura yağış yağır, leysan yağışları. Tut ucundan göyə çıx. Elə bil suyu yuxarıdan vedrə ilə tökür o gözəgörünməz.
Yağış demiş, şəhərlilər ilə kəndlilər arasında yağışa baxış acısı tamam fərqlidir. Mən kənddən çıxıb şəhərə gəldiyim üçün haça paça qalmışam. Şəhərlilər yağışa tam bir romantika kimi yanaşırlar, əl-ələ tutan iki sevgili, yağışda islanan, bir-birinə qısılan iki gənc. Belə bir mənzərə. Amma kənddə yağış sönən işıq, islanan ot-ələf, sahədə qalan qoyun-quzu mənzərəsi yaradır. Kəndin mənzərəsi daha romantikdir elə deyil?
Payız yağışları özü ilə kəndə hər damlasının sayı qədər problem gətirir. Saymaqla bitməz ki. Hələ bunun seli-suyu var, bir də gördün dağdan gəlib bizi aparıb atır meşənin kənarına.
Sabah bir az daha gözəl şeylər yazmağa çalışacam.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/payizin-dusunc%c9%99l%c9%99ri
Comments