Nənəmin gündəliyi.
Uşaqlığımızın ən gözəl dönəmi idi nənəmiz sağ olanda. Sonra əcəl aldı apardı. Bu dünyanı tutub durmayacaqdı ki. Bir az da dindar idi mənim nənəm. Allah haqqı hərdən "Yasin" də oxuyurdu, düzü orasını burasını kəsib tökürdü amma oxuyurdu. Nənəmin bir bacısı da vardı, biz ona xala deyirdik, əslində papamın xalası idi, əsas odur xala deyirdik. O xalam siqaret çəkən idi. Deyirdi ki, siqareti bizə müharibə öyrədib. Yalan deyirdi, gəlib Hitlər və Stalin ona heç vaxt deməmişdi: "bir tüstü al, a bajı". Sözüm onda deyil, əsas olan o idi ki, müharibə çox oğraş zad imiş. Nənəm üç müharibə görmüşdü, biri lap uşaqlığına düşübmüş, biz az böyüyüb ikinci olub, sonra da nənəmin dili ilə desək "erməni musurman". Yadıma gəlir, deyirdi ki, "Şüşəni də aldılar"(red-Şuşa) . Mövzu müharibə deyil, nənəmdi. Nənəmi qocaldan və müdrikləşdirən həyat. O qara torpağa qarışandan sonra onun demədiyi belə sözləri və fikirləri "nənəm demiş" başlığı ilə söhbət əsasnasında işlədirdim. Xatirəsini daha çox anırdım, "Yasin" oxutmağa macal olmur, vaxt da yoxdur. Molla da "Dəşmirə" beş manatdan aşağı getmir. Özüm də bilmirəm ki, oxuyub ruhuna bağışlayım.
Nənə nəvələrinə nağılı bizim nağıllarda danışırmış, mən qanandan indiyə kimi xatırlaya bilmədim, yadıma sala bilmədim, görəsən mənim nənəm bizə "Məlikməmməd"in nağılı danışa. Qinamıram, bəlkə nağıl bilmirdi. Amma kolxozdan danışırdı, ot biçməyindən, tütün yığımağından, Sovetlərin daha yaxşı bir hökümət olmağından. Deyirdi, guya bir dəfə Mircəfər Bağırov da onlar ot biçən vaxtı at üstündə oralardan keçib, orxudan heç kəs başını qaldırıb baxa bilməyib ki, o atın üstündəki kimdir, elə kolxoz sərdi zad imiş bəlkə.
Zamanla insan anlayır ki, dünyada heç kim qalmır, qalmayacaq, Bağərovun xofu da, nənəmim 12 nömrəli dəriyazı da.( dəriyaza başqa rayonlarda kərəntə deyirlər). Dəriyaz demiş Əzirayıl yadıma düşür, ölüm qorxulu deyil, nənəmin dəriyazı bir az uzun idi, adamı vahimələndirən odur.
Sonra nənəmə qırx gün yas verdik, molla "Yasin" oxuyanda nənəmin oxuduğu "Yasin"i xatırlayırdım, molla da kəsib tökürdü. İkisini birlədirsəydin ortaya bir şey çıxarmaq olmazdı. Niyyət önəmlidir, deyib ötüşdürürdük.
Paylaşacağım şəkil nənəmin deyil, o xarakteri canlandırmaq istədim. Nənəmin bir dənə şəkli vardı, harasa atdıq getdi. Bəlkə də hardasa toz basıb, görsəm tanımaram yəqin, xatirəsi qalib sadəcə. Ya o tez getdi, ya mən balaca idim...
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/n%c9%99n%c9%99min-gund%c9%99liyi
Comments